Səhiyyə naziri “Azərbaycanda qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” konsepsiyası üzrə yekun tədbirdə çıxış edib
“Azərbaycanda qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” konsepsiyası üzrə Bakıda keçirilən ikigünlük yekun tədbir başa çatıb. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə təşkil edilən tədbir bu gün Qida Nəzarəti Sisteminin Qiymətləndirilməsinin Nəticələri üzrə Yüksək Səviyyəli Görüşlə yekunlaşıb. Görüşdə qida nəzarəti sistemi üzrə prioritet sahələr, strateji tədbirlər və gələcək fəaliyyətlər müzakirə olunub.
Yüksək Səviyyəli Görüşdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Milli Məclisinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ), Dövlət Gömrük Komitəsinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), FAO-nun, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) və digər qurumların nümayəndələri iştirak edib.
Görüşdə çıxış edən AQTA sədri Qoşqar Təhməzli ölkədə qida təhlükəsizliyi sisteminin institusional olaraq formalaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsini bildirib. Onun sözlərinə görə, görülən işlər qida sənayesi sektorunda müasir standartların tətbiqinə, istehlakçıların hüquqlarının müdafiəsinə və idxal-ixrac prosesi zamanı qida məhsullarının təhlükəsizliyinin təmin olunmasına müsbət təsir göstərib: “Eyni zamanda, ötən dövrdə qida zənciri üzrə həyata keçirilən nəzarət və tənzimləmə tədbirlərinin nəticələri təhlil edilib. Qida məhsullarının təhlükəsizliyinin təmin olunması sahəsində qabaqcıl beynəlxalq təcrübədə mövcud olan yanaşmalar öyrənilib və tətbiqinə başlanılıb. Qida təhlükəsizliyi sisteminin qurulması istiqamətində hazırkı dövrdə prioritet kəsb edən məsələ yeni çağırışlar əsasında mövcud qida təhlükəsizliyi sisteminin beynəlxalq tələblərə tam uyğunlaşdırılması və yekun məhsulların təhlükəsizliyi səviyyəsinin yüksəldilməsidir. Bu istiqamətdə də müvafiq tədbirlər görülür”.
Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev qidaların keyfiyyətli və təhlükəsiz olması qida ilə əlaqəli xəstəlik hallarının yayılmasının qarşısını aldığını, eyni zamanda səhiyyə sistemini mümkün təhdidlərdən qoruduğunur vurğulayıb. “Qida təhlükəsizliyi əhalinin sağlamlığının qorunmasında mühüm rol oynadığından, tədricən bu sahə qlobal səviyyədə ictimai səhiyyə mövzusuna çevrilməkdədir”, - deyə Teymur Musayev əlavə edib.
Nazirin sözlərinə görə, son dövrlərdə dünyadakı iqtisadi və ekoloji dəyişikliklər qida patogenlərinin yenidən aktivləşməsinə səbəb olub: “Tibb müəssisələrində təhlükəsiz qida məhsullarından istifadə xüsusilə mühüm əhəmiyyət daşıyır. Pasiyentlərin əksəriyyəti mikrobioloji və qidalanma risklərinə sağlam insanlardan daha çox həssas olurlar. Bu baxımdan, qida ilə əlaqəli nəzarət tədbirlərinin düzgün şəkildə qurulması Səhiyyə Nazirliyinin diqqətlə yanaşdığı məsələdir”.
“Qida təhlükəsizliyi sisteminin effektivliyi bütün maraqlı tərəflərin ehtiyaclarına yönəlik vahid missiyanın mövcudluğundan başlayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 2 fevral tarixli müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” arasında vətəndaşların sağlam həyat tərzinin təmin edilməsi əsas məqsədlərdən biri olaraq qarşıya qoyulub. “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda uşaqların sağlam həyat tərzi və sağlam qidalanmanın təşviqi qeyd olunan məqsədə çatmaq üçün əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilib. Səhiyyə Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi əhali arasında müxtəlif maarifləndirmə tədbirləri keçirir, xüsusən də məktəblilər üçün düzgün qidalanmanın təşviqinə dair birgə tədbirlər icra olunur”, - deyə səhiyyə naziri fikrini tamamlayıb.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında bitki və heyvan sağlamlığının nazirliyin daim diqqət mərkəzində olduğunu vurğulayıb. Onun sözlərinə görə, qida zəncirinin ilk həlqələrində məhsuldar heyvanların sağlamlığına töhfə verən yüksək keyfiyyətli heyvan mənşəli qida məhsullarını əldə etmək üçün bütün preventiv tədbirlər görülür.
Nazirlər Kabinetinin Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov son illərdə “qida” anlayışının köklü transformasiyaya uğrayaraq, yalnız qida qəbulu ilə bağlı deyil, həm də sağlamlığın, psixo-fiziki rifahın qorunmasında və bəzi xəstəliklərin qarşısının alınmasında mühüm faktora çevrildiyini diqqətə çatdırıb: “Dünyada qida təhlükəsizliyi əhəmiyyətli məsələyə çevrilib və bu sahədə müvafiq qurumlar yaradılıb. Azərbaycanda da bu istiqamətdə mühüm addımlar atılıb və nailiyyətlər əldə olunub”.
FAO-nun ölkəmizdəki nümayəndəsi Nasar Hayat qeyd edib ki, milli qida nəzarəti sistemi istehlakçıların sağlamlığının qorunmasında və qida məhsullarının ticarəti sahəsində ədalətli təcrübənin təmin edilməsində mühüm rol oynayır: “Bu sistem hər bir ölkədə səhiyyənin səviyyəsi, hüquqi və institusional baza və analitik resurslar da daxil olmaqla, dəstək xidmətlərinin mövcudluğu kimi xüsusi şərtlərdən asılıdır”.
Daha sonra Agentliyin və FAO-nun nümayəndələri təqdimatlarla çıxış edib, müzakirələr aparılıb, qida nəzarəti sisteminin qiymətləndirilməsinin ölkəmizdə bu sahənin təkmilləşdirilməsinə töhfə verəcəyi vurğulanıb.
Qeyd edək ki, “Qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” adlı layihə çərçivəsində ölkəmizdə aparılan qiymətləndirmə nəticəsində respublikamızdakı mövcud qida təhlükəsizliyi sistemi üzrə FAO-nun və ÜST-nin müəyyənləşdirdiyi ideal sistemlərin 25 səriştəsinin (kompetensiya) nəzərə alındığı və işlək olduğu aşkarlanıb. Bu isə mövcud qida təhlükəsizliyi sisteminin beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş standart və tələblərə uyğunluğunu göstərir.