Dərman şirkətlərinin nümayəndələri ilə “Dərman Vasitələrinin Təqib və İzləmə Sistemi”nin istifadəsinə dair görüş keçirilib
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən, Avropa dərman şirkətlərinin nümayəndələri ilə 2024-cü ilin yanvar ayından etibarən mərhələli olaraq tətbiq olunmağa başlayan “Dərman Vasitələrinin Təqib və İzləmə Sistemi”nin istifadəsinə dair görüş təşkil olunub.
27 şirkətdən 34 nümayəndənin iştirak etdiyi görüşdə dərman istehsal edən iri şirkətlərin nümayəndələrinin sistem və onun istifadəsi ilə əlaqəli suallarını cavablandırmaq, sistemin istifadəsi ilə bağlı yaranan məsələləri müzakirə edərək təkliflər almaq, həmçinin, əyani olaraq sistemin işləməsini nümayiş etdirmək məqsədilə təşkil olunub.
Şirkət nümayəndələrini maraqlandıran əsas məsələlər dərman vasitələrinin təhlükəsizliyinin təmin edilməsi və qaçaqmalçılığının qarşısının alınması məqsədilə dərman vasitələrinin istehsalından/idxalından son istehlakçıya çatdırılmasına qədər olan bütün mərhələlərin real vaxt rejimində izlənilməsini həyata keçirmək üçün əsas rol oynayan QR kodlarının yaradılması və tətbiqi prosesini əhatə edib. Həmçinin, sistemdə “Köçürülmə” prosesinin reallaşdırlıması, sistemin üstünlükləri, idxal zamanı dərman vasitələrinin QR kodlar ilə təmin edilməsi məsələsi və s. kimi məqamlar da müzakirə edilib.
Qeyd edək ki, bundan əvvəl, 31.10.2023 – 02.11.2023 tarixlərində AEM-nin əməkdaşları tərəfindən, “DVTİS”-nin istifadəsi barədə psixotrop və güclü təsir edən dərman vasitələrinin dövriyyəsində iştirak edən müəssisələrin nümayəndələri üçün müvafiq təlimlər təşkil olunub. 3 gün müddətində davam edən bu təlimə, ilk gün yerli istehsalçı və topdansatış əczaçılıq müəssisələrinin nümayəndələri, ikinci gün apteklərin nümayəndələri, son gün isə özəl tibb müəssisələrinin nümayəndələri cəlb edilib.