• Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
  • Tibb
  • 17-06-2021
  • 325

17 iyun – Azərbaycan Respublikası Tibb İşçilərinin Peşə Bayramı Günü

Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Tibb işçisi peşəsi xeyirxahlıq, peşəkarlıq və mərhəmət tələb edən gündəlik bir işdir. Bu gün tibbi texnologiyalar və bütövlükdə səhiyyə sistemi nə qədər inkişaf etsə də, tibb işçisi daima insan həyatı və sağlamlığının qorunmasında əsas fiqur olaraq qalacaqdır.

Ən çətin anlarda, özümüzü narahat hiss etdiyimiz ən ağır günlərdə ağxalatlı peşə sahibi olan tibb işçilərinə üz tuturuq. Gecənin hansı vaxtı, gündüzün hansı zamanı müraciət etməyimizdən aslı olmayaraq, həmişə bizi diqqətlə dinləyir, şəfalı əlləri ilə ağrılarımızı yüngülləşdirir, dərdlərimizə məlhəm olurlar.

Yeni növ koronavirus (COVID-19) pandemiyası yarandığı ilk gündən bütün ümidlər yenə də onlara yönəlib. Qlobal bəşəri təhlükə yayılmağa başlayandan həkimlər yenə də iş başındadırlar. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə otuz ilə yaxındır itirdiyimiz torpaqlarımızı Vətən oğulları qanı, canı hesabına geri qaytardılar. O zaman biz iki cəbhədə döyüşürdük. Onlardan biri Qarabağ döyüş cəbhəsi idi, digəri isə COVID-19-la mübarizə cəbhəsi. Vətən müharibəsi dövründə həkim briqadaları üç istiqamətdə cəbhə bölgəsinə göndərilmişdi və tibb işçiləri böyük həvəslə fəaliyyət göstərdilər. Həmin briqadalar cəbhə bölgəsində yaralılara ilkin tibbi yardım göstərməklə yanaşı, bəzi ağır yaralıları nisbətən kənarda yerləşən şəhər və rayonlardakı xəstəxanalara daşıyırdılar. Elə tibb işçiləri var idi ki, onlar növbəli sistemlə işləmək, geri gəlmək istəmir və fəaliyyət müddətlərini artırmaq istəyirdilər.

Bu gün səhiyyə sistemində iştirak edən bütün mütəxəssislərə təşəkkürümüzü bildiririk. Həkimlər, əczacılar, laboratoriya köməkçiləri, tibb bacıları, feldşerlər, asayiş keşikçiləri tək bir vəzifəni yerinə yetirirlər - əhaliyə yüksək keyfiyyətli və vaxtında tibbi yardım göstərmək. Bu nəcib bir missiyadır və hər biriniz onun həyata keçirilməsinə töhfə verirsiniz.

Bu bayram günündə bütün nəcib peşə sahiblərinə əmin-amanlıq, xoşbəxtlik, firavanlıq, can sağlığı və nikbinlik arzulayırıq!