Səhiyyə naziri ”Avropa və Mərkəzi Asiyada Qida standartlarının təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin birgə təşkilatçılığı ilə ”Avropa və Mərkəzi Asiyada Qida standartlarının təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi" mövzusunda sentyabrın 14-də Bakıda ikigünlük regional konfrans öz işinə başlayıb.
Ümumillikdə 15-ə yaxın ölkəni təmsil edən nümayəndələrin iştirakı ilə keçirilən beynəlxalq konfransa Azərbaycan Respublikasının müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri, həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Kodeks Komissiyasının Avropa regionu üzrə Koordinasiya Komitəsi (CCEURO) ölkələrinin (Türkiyə, Qazaxstan, Moldova və s.), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Ümumdünya Ticarət Təşkilatı (ÜTT), UNICEF, Avropa Komissiyası, Dünya Bankı və digər nüfuzlu qurumların 60-dan çox nümayəndəsi qatılıb.
Konfransın açılışında giriş sözü ilə çıxış edən AQTA-nın sədri Qoşqar Təhməzli bildirib ki, Agentliyin fəaliyyət göstərdiyi dövrdə respublikamızda qida təhlükəsizliyi sahəsində bir sıra islahatlar aparılıb, qida təhlükəsizliyi sahəsində vahid idarəetmə sistemindən vahid səlahiyyətli qurum idarəetməsinə keçid təmin olunub. Müasir dünyada qida təhlükəsizliyinin təmin edilməsində “Vahid Sağlamlıq” konsepsiyası yanaşmasının aktual məsələyə çevrildiyini vurğulayan Q.Təhməzli bu yanaşmanın əhəmiyyətli olduğunu önə çəkib.
Tədbirdə çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev qida təhlükəsizliyinin əhalinin sağlamlığının və səhiyyə sisteminin mümkün təhdidlərdən qorunmasında mühüm rol oynadığını vurğuladı: “Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” Sərəncamına əsasən, vətəndaşların sağlam həyat tərzinin təmin edilməsi əsas məqsədlərdəndir. Həmçinin Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında uşaqların sağlam həyat tərzi və sağlam qidalanmanın təşviqi yuxarıda qeyd olunan məqsədə çatmaq üçün əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilib”.
Bu baxımdan, qida təhlükəsizliyinin sağlamlığın qorunması prizması çərçivəsində Səhiyyə Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi arasında fəal əməkdaşlıq aparıldığı, xüsusən də məktəblilərin düzgün qidalanmasının təşviqinə dair tədbirlər həyata keçirildiyi bildirildi.
Qanunvericilikdə sağlam və təhlükəsiz qidalar istehsal edən bizneslər üçün dəstəkləyici mühitin formalaşdırılmasının önəmini vurğulayan nazir bu sahədə innovativ texnologiyaların tətbiqi, stimullaşdırıcı mexanizmin yaradılması, müxtəlif tədqiqatlar sayəsində müəssisələrin fəaliyyəti üçün əlavə imkanların yaratdığını qeyd etdi: Kodeks Komissiyasının əsas fəaliyyəti istehlakçıların sağlamlığının qorunması, beynəlxalq ərzaq ticarətində ədalətli təcrübələrin təmin edilməsindən ibarət olduğundan tədbirin əhəmiyyətini yüksək qiymətləndirən Teymur Musayev dedi: “Kodeks qlobal səviyyədə qida keyfiyyətinin idarəolunmasında mühüm təsirə malikdir, aparılacaq panel müzakirələr Milli Kodeks Sisteminin yaradılması işinə əməli töhfələr verəcəkdir”.
Azərbaycanın kənd təsərrüfatı naziri, FAO-nun və ÜST-nin ölkəmizdəki nümayəndələri, Kodeks Alimentarius Komissiyası Katibliyində Qida Standartları üzrə baş katibi və digərləri müasir dövrün tələblərini qarşılayan qida təhlükəsizliyi normalarının yaranması və standartların idarəedilməsi, bu sahədə mütərəqqi çağırışların meydana çıxması və elmi əsaslı qida standartlarının tətbiq edilməsi aspektlərində çıxış ediblər.
Daha sonra tədbirdə “Qida təhlükəsizliyi prioritetləri haqqında regiondakı yeniliklər”, “Təhlükəsiz qida üçün standartların rolu və istifadəsi”, “Qida təhlükəsizliyində “Vahid Sağlamlıq” yanaşmasının gücləndirilməsi” və digər mövzularda sessiyalar baş tutub.
Sentyabrın 15-dək davam edəcək konfransın əsas məqsədləri milli və beynəlxalq səviyyədə insan sağlamlığının qorunması, elm əsaslı qida standartlarının faydaları haqqında məlumatlılığın artırılması, “Vahid Sağlamlıq Konsepsiyası” çərçivəsində qida təhlükəsizliyi, onun bitki heyvan sağlamlığı ilə qarşılıqlı əlaqəsi sayəsində region üçün prioritet məsələlərin müzakirəsidir. Eyni zamanda, tədbirdə Kodeksin rolu ilə bağlı ən son yeniliklər, Avropa və Mərkəzi Asiya regionunda qida təhlükəsizliyinin təmin olunması və Kodeks standartlarının tətbiqi sahələrində əldə olunmuş nailiyyətlər üzrə təcrübə mübadiləsi aparılacaq.